Azərbaycan iqtisadiyyatının dayanıqlılığı yüksək səviyyədə təmin edilib

Azərbaycan iqtisadiyyatının dayanıqlılığı yüksək səviyyədə təmin edilib
Azərbaycan iqtisadiyyatının dayanıqlılığı yüksək səviyyədə təmin edilib

Prezident İlham Əliyev: Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur
Müstəqil Azərbaycan dünyada inkişaf paradiqmalarını və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamızda həyatın bütün sahələrində müsbət reallıqlar yaranıb. Belə ki, ölkə boyu tarazlı inkişaf təmin edilir, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Uğurla reallaşdırılan böyük investisiya tutumlu layihələr hesabına bu gün Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib. Yeni çəkilən rahat yollar, qazlaşdırmanın ən ucqar dağ kəndlərini belə əhatə etməsi, generasiya güclərinin artırılması, içməli və suvarma suyu ilə təminatın yüksək səviyyəyə qaldırılması, müasir standartlar səviyyəsində tikilən sosial təyinatlı obyektlərin əhalinin istifadəsinə verilməsi, həmçinin insanların gəlir imkanlarının artırılması ölkədə vətəndaş məmnunluğunu təmin edir.
Azərbaycanın timsalında diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmiz özünün inamlı inkişafını sırf daxili imkanlar hesabına təmin edir. Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir.
Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb
Son 16 ildə Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Ötən illərin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Son 16 ildə, ələlxüsus da yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb. Bütövlükdə, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatların əhatə dairəsi kifayət qədər genişdir. Dövlət başçısının 2016-cı ilin dekabr ayında imzaladığı müvafiq Fərmanla təsdiqlənən starteji yol xəritələrində milli iqtisadiyyatımızın mühüm istiqamətləri üzrə perspektiv inkişaf hədəfləri və onlara çatmaq üçün prioritetlər müəyyənləşdirilib.
Eyni zamanda, bütün ölkə boyunca reallaşdırılan müasir infrastruktur quruculuğu respublikamızda iqtisadi fəallığın artmasında mühüm rol oynayıb. Qeyd edək ki, respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri, bir qayda olaraq, dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. İnvestorlar isə böyük həcmlərdə maliyyə vəsaiti qoyuluşu hesabına araya-ərsəyə gələn bu yüksəksəviyyəli infrastrukturdan bəhrələnərək müxtəlif istiqamətlərə sərmayələr yönəldirlər.
Həyata keçirilən belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3,4 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi dərinməzmunlu nitqində respublikamızın iqtisadi sahədə qazandığı uğurlardan məmnunluğunu ifadə edərək vurğulayıb: “Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib”.
Şübhə yoxdur ki, indiki mərhələdə müəyyənləşdirilən yeni paradiqmalar perspektivdə milli iqtisadiyyatımızı daha güclü edəcək, onun rəqabət qabiliyyətini daha da artıracaq. Yeni şəraitdə ölkəmiz neft sektorunda ənənələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, postneft dövrünün iqtisadiyyatının qurulmasını diqqət mərkəzində saxlayır. Belə ki, transmilli şirkətlərlə bağlanan neft müqavilələri çərçivəsində ölkəmizə gələn gəlirlərin müəyyən hissəsi məqsədyönlü şəkildə qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılmasına yönəldilir. Təkcə son illərdə qeyri-neft sektorunda istifadəyə verilən nəhəng sənaye müəssisələri milli iqtisadiyyatımızın gücünü, o cümlədən də ölkəmizin ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir və burada da yaxşı nəticələr əldə olunur.
Əlamətdar haldır ki, 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Son illərdə bu dayanıqlılıq daha da möhkəmlənib. Ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Prezident İlham Əliyev əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etdiyinə diqqət çəkərək “İki ayın iqtisadi göstəriciləri də çox müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb, qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz artıb, biz əsas göstərici bunu sayırıq. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına görədir”, - deyə vurğulayıb.
Yeni şəraitdə Azərbaycan iqtisadiyyatının genişlənməsində, həmçinin özəl bölmə güclü rol oynayır. Respublikamızda özəl bölmənin inkişafına dövlət tərəfindən siyasi və maddi dəstək tədbirlərinin miqyası getdikcə genişləndirilir.
Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin, biznesə başlama prosedurlarının sadələşdirilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür. Prezident İlham Əliyev cari il martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışından sonra müəssisənin kollektivi ilə görüşdəki çıxışında bildirib ki, sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan hökuməti iqtisadi təhlükəsizlik məsələlərini davamlı olaraq diqqət mərkəzində saxlayır
Məlumdur ki, son illərdə dünyada iqtisadi inkişafla bağlı bir sıra arzuolunmaz proseslər müşahidə edilir. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, ölkədə iqtisadi təhlükəsizlik məsələləri davamlı olaraq hökumətin diqqət mərkəzində saxlanılır. Respublikamızda dünya iqtisadiyyatında gedən proseslər diqqətlə izlənilir və xarici mənfi şokları önləmək üçün qabaqlayıcı rejimdə tədbirlər həyata keçirilir. Bütövlükdə, ölkəmizin xarici mənfi iqtisadi təsirlərə qarşı manevr imkanları genişdir. Belə ki, Azərbaycan kifayət qədər yüksək maliyyə immunitetinə və təhlükəsizlik “yastığı”na malik olan ölkədir. Azərbaycanın iqtisadi potensialı və neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarının artırılması hər hansı çətin vəziyyətdə ölkəmizə zəruri tədbirlər görmək üçün müvafiq vasitələrə və alətlərə malik olmaq imkanı verir. Qeyd edək ki, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları həcmindədir. Strateji valyuta ehtiyatlarımız ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Yeri gəlmişkən, qeyd edək ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Respublikamız, həmçinin xarici dövlət borcunu azaltmağı hədəfləyib. Hazırda respublikamızın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da bütün dünya üzrə ən aşağı hədlərdən biri sayılır. Yeri gəlmişkən, Azərbaycan dövlət borcunun azaldılması ilə bağlı müvafiq strategiya qəbul edib. Həmin strategiya əsasında qarşıya respublikamızın borc öhdəliklərinin getdikcə azaldılması ilə bağlı konkret hədəflər qoyulub.
Yeni şəraitdə Azərbaycan hökuməti iqtisadiyyatdakı neqativlərə qarşı mübarizəni daha da sərtləşdirib. Ölkədə korrupsiyaya, kölgə iqtisadiyyatına, qeyri-leqal məşğulluğa qarşı ciddi tədbirlər görülür ki, bu da öz səmərəsini verir. Prezident İlham Əliyev Milli Məclisin yuxarıda bəhs olunan iclasındakı nitqində ölkəmizdə kölgə iqtisadiyyatına qarşı görülən tədbirlərin nəticələrindən məmnunluğunu bildirərək vurğulayıb: “Təkcə şəffaflıq hesabına keçən il biz büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil etdik və bu proses davam etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq”.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, ölkəmizdə büdcə gəlirlərinin artması fonunda, həmçinin xərclərin səmərəliliyi təmin olunaraq daha da optimallaşdırılır. Bu məqsədlə monetar və fiskal tədbirlər həyata keçirilir. 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Ölkədə istehlak bazarına ciddi nəzarət təşkil olunub. Xidmət sektorunda, ticarət şəbəkələrində süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür. Ölkə üzrə inflyasiya hədəflənən səviyyədə saxlanılır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına əsasən, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur. Həmçinin istehlakçılar tərəfindən alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq.