Bakıda bağ evindən oğurluq edən “ağsulu Ramal” saxlanıldı

Bakıda bağ evindən oğurluq edən “ağsulu Ramal” saxlanıldı
Bakıda bağ evindən oğurluq edən “ağsulu Ramal” saxlanıldı

Bakıda bağ evinə basqın edib əşyaları oğurlayıb, ev sahibinə hücum edən və özünü kriminal aləmin üzvü kimi təqdim edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, fevralın 6-da Binəqədi rayonu, Goradil bağlar sahəsində İ.Şükürova məxsus evdən məişət avadanlıqları naməlum şəxs tərəfindən talanarkən ev sahibi tərəfindən aşkarlanıb:

"Naməlum şəxslə ev sahibi qarşılaşaraq, onunla mübahisə edib, ona fiziki təzyiq göstərməklə hədələyib, özünü “ağsulu Ramal” kimi təqdim etməklə hadisə yerindən yayınıb. Hadisə ilə bağlı məlumat verən zərərçəkmişin sözlərinə görə, bu şəxs bağ sakinlərinə qənim kəsilməklə, həmin ərazidə çoxsaylı oğurluqlar edib. Məsələ ilə bağlı “Qafqazinfo.az” saytında məlumat dərc olunandan dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinin müvafiq idarəsi zərərçəkmişlə əlaqə yaradaraq, faktın qısa zamanda açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Bakı şəhər BPİ Cinayət –Axtarış İdarəsi, Binəqədi RPİ Cinayət-Axtarış şöbəsi və 43-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü “ağsulu Ramal” kimi təqdim edən şəxs – Ağsu rayon sakini, 1981-ci il təvəlldülü Rəşad Məmmədov müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakı istisna olunmur. Qeyd olunanlara bağlı zərəçəkmiş DİN rəhbərliyinə onun müraciətlərinə operativ yanaşdığına görə, minnətdarlağını bildirib".