Diplomat məharəti

Diplomat məharəti
Diplomat məharəti

İLHAM ƏLİYEV Ermənistanın işğalçı-terrorçu dövlət siyasətinə növbəti əsaslı zərbə vurdu və Vladimir Putinin timsalında Rusiyanın tam siyasi dəstəyini qazandı

 

 

 

 

"Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyev Soçi səfəri zamanı da prinsipial siyasətinə sadiq qalaraq bir daha işğalçı Ermənistana çox ciddi mesaj ünvanladı. Həmçinin bu ölkənin baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi cəfəng, məsuliyyətsiz bəyanatının üstündən xətt çəkdi.

 

 

 

Yeni dünya gündəmini müəyyənləşdirən platforma

 

 

 

Prezdent İlham Əliyevin Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin dəvəti ilə Soçiyə səfəri, "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı strateji əhəmiyyət daşıyan çox səmərəli və məhsuldar görüşlərlə yadda qaldı.

 

Azərbaycan Prezidenti "Valday” klubunun fəaliyyətini yüksək qiymətləndirərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən mühüm beynəlxalq platforma kimi dəyərləndirdi. Həqiqətən də bu klub dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan intellektual məkrəzlərdən biridir. Ona görə də dövlət başçımızın Soçi səfərini Azərbaycanın beynəlxalq münasibətlərinin gələcək uğurları baxımından yüksək qiymətləndirmək olar.

 

2004-cü ildə yaradılan "Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Velikiy Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Klub adını da elə buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak edib. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar.

 

Oktyabrın 3-də klubun "Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusuna həsr olunmuş XVI illik iclasında dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndə iştirak edib. İclasda beynəlxalq təhlükəsizlik, dünya iqtisadiyyatı, regional sabitlik, iqlim dəyişiklikləri və digər aktual mövzularda fikir mübadiləsi aparılıb. Görüşün başlıca mövzularından biri beynəlxalq təhlükəsizlik olub.

 

Prezident İlham Əliyevin bu iclasa dəvət olunması, əlbəttə ki, ilk növbədə həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin, eləcə də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. Cənab İlham Əliyev digər beynəlxalq konfranslarda, forumlarda olduğu kimi, bu iclasda da çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz prinsipial mövqeyini bir daha dünyaya bəyan etdi və ölkəmizin sosial-iqtisadi uğurları, beynəlxalq layihələrdə iştirakı ilə bağlı ətraflı məlumat verdi.

 

 

 

Rusiyadan Paşinyana növbəti Azərbaycan xəbərdarlığı

 

 

 

Azərbaycan Prezidentinin iclasdakı çıxışı həm ölkəmizdə, həm də Ermənistanda geniş müzakirə mövzusuna çevrilib. Çünki illərdir sülh danışıqlarının baş tutmaması üçün müxtəlif bəhanələr gətirən Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyini və işğalçı siyasətini ifşa edən cənab İlham Əliyev bu dəfə də qətiyyətli mövqe ortaya qoydu.

 

Xatırladaq ki, bu ölkənin baş naziri N.Paşinyan avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edərək Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi "miatsum”dur (birləşmək) demişdi. Eyni zamanda "Qarabağ Ermənistanındır və nöqtə” sərsəm fikrini söyləməklə siyasi savadsızlığını, həmçinin əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirmişdi.

 

N.Paşinyanın bu fikrinə Prezident İlham Əliyevdən öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında sərt münasibət bildirmişdi. S.Lavrovun fikrincə, Qarabağın Ermənistanın olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir: "ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistanın olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.

 

 

 

Etnik təmizləmə və 25 ildir kağız üzərində qalan qətnamələr...

 

 

 

Əlbəttə ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, ölkəsi ilə qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır.

 

Azərbaycan Prezidenti hər zaman olduğu kimi, Soçidə də işğalçının əsl xislətini açıb göstərdi: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb. Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı”.

 

BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini, lakin 25 ildən çoxdur ki, bu qətnamələrin yerinə yetirilmədiyini vurğulayan Prezident qəbul olunmuş qərarların icrasızlığını əsaslandırıb: "BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır”.

 

 

 

İlham Əliyev Paşinyanı bir daha ifşa etdi

 

 

 

Digər bir tərəfdən Ermənistanın baş naziri münaqişə ilə bağlı fikir səsləndirərkən tez-tez xatırladığı bir sərsəm cümlə də diqqətlərdən yayınmır. N.Paşinyan deyir ki, münaqişənin həlli "Azərbaycan xalqı”, "Ermənistan xalqı” və "Dağlıq Qarabağ xalqı” üçün məqbul olmalıdır.

 

Prezident İlham Əliyev baş nazirin bu yalanını da ifşa edərək vurğulayıb ki, "Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil: "Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu gün də davam etdiyini söyləyən Prezident oktyabrın 2-də erməni snayperi tərəfindən Qazax rayonunda dinc sakinin, həmçinin 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakinin, o cümlədən balaca Zəhranın qətlə yetirildiyini də diqqətə çatdırıb.

 

Bu fikirləri ilə dövlət başçısı bir daha dünyaya nümayiş etdirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqla yanaşı dinc sakinlərə, xüsusən də günahsız körpələrə qarşı qanlı terrorunu davam etdirir.

 

Çıxışının sonunda Paşinyanın "Qarabağ Ermənistanındır və nöqtə” sərsəm ifadəsinə cavab olaraq "Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır və nida” deməsi ilə cənab İlham Əliyev Paşinyanı bir daha ifşa etmiş oldu. Dövlət başçısı Ermənistan baş nazirinin sözlərinin doğrudan da yalan olduğunu əsaslandırdı.

 

Burada digər maraqlı məqam odur ki, Ermənistanın baş naziri yalan bəyanatını Xankəndidə bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti əsl həqiqəti beynəlxalq tədbirdə - "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdi.

 

Azərbaycan Prezidenti Ermənistanın işğalçı-terrorçu dövlət siyasətinə növbəti dəfə Soçidə əsaslı zərbə vurdu və Vladimir Putinin timsalında Rusiyanın tam siyasi dəstəyini qazandı.

 

Cənab İlham Əliyev Azərbaycan xalqının mövqeyini növbəti dəfə yüksək tribunadan bəyan edərək Ermənistana mesaj ünvanladı ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq.

 

 

 

İlham Əliyevin yüksələn nüfuzu, Paşinyanın autsayderliyi...

 

 

 

Bütün bunların fonunda görünən real mənzərə odur ki, cənab İlham Əliyev işğalçı ölkənin istənilən siyasətçisini lazımi anda, mühüm yerdə qətiyyətlə susdurur və əsl erməni xislətini dünyaya bəyan edir. Müstəqil siyasəti, etibarlı tərəfdaşlığı, verdiyi sözünə sadiqliyi cənab İlham Əliyevin nüfuzunu yüksəldir. Elə buna görədir ki, Azərbaycan Prezidenti dünyanın ən mötəbər təşkilatlarının konfranslarına, forumlara dəvət edilir.

 

Elə cənab İlham Əliyevin iştirak etdiyi bir sıra tədbirlərdə ölkə rəhbərimizə göstərilən diqqət daim Ermənistan rəhbərliyinin siyasi autsayderlər sırasında dayanmasına səbəb olub. Cənab İlham Əliyev dəvət olunduğu toplantılarda müzakirə olunan istənilən məsələ ilə bağlı çıxış edir, öz kreativ təkliflərini irəli sürür və toplantılardan sonra mühüm görüşlər keçirir.

 

Ancaq Ermənistanın baş naziri rotasiya qaydasına əsasən ölkəsində keçirilən tədbirdə autsayder olur. Elə Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilən sammitini göstərsək, yetərli olar. N.Paşinyan ev sahibi olmasına baxmayaraq, onun ittifaqın əsas gücü hesab edilən ölkənin - Rusiyanın Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Belə ki, bənzər görüşlərin protokol qaydalarına görə, görüşü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur.

 

Bu toplantı zamanı N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə normal görüş keçirməsi, danışıqlar masası arxasında oturması üçün dəridən-qabıqdan çıxırdı. Ancaq Vladimir Putinin Paşinyana münasibəti o qədər mənfi idi ki, hətta onunla yan-yana oturmadı. Sammit çərçivəsində çəkilən şəkildə Vladimir Putinin kənarda dayanması, prezidentlə avtobusda oturanda lap arxada Paşinyandan uzaqda yerləşməsi və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi əslində Rusiyanın dövlət başçısının Paşinyanı bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlirdi.

 

Əlbəttə ki, N.Paşinyanın hətta ən adi görüşlərdə hesaba alınmaması onun siyasi, eləcə də şəxsi nüfuzunun yox səviyyəsində olduğunu sübut etdi. Bu, Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisi idi.

 

 

 

Ən yaxın strateji tərəfdaş, 5,8 milyard dollarlıq qarşılıqlı sərmayə...

 

 

 

Cənab İlham Əliyevin istər Azərbaycanın evsahibliyi etdiyi konfranslarda, forumlarda, istərsə də dəvət aldığı beynəlxalq toplantılarda keçirdiyi görüşlər, apardığı danışıqlar Azərbaycan Prezidentinin bir daha artan nüfuzunun göstəricisidir.

 

Misal olaraq bu ilin aprelində "Bir kəmər, bir yol” İkinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Çinə səfər edən Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünü göstərə bilərik. Bu tarixi görüşdə Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasət həyata keçirdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirdi. Bir daha xatırladaq ki, bu tədbirə Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət olunmuşdu.

 

Elə Soçidə Prezident Vladimir Putinlə cənab İlham Əliyev arasında baş tutan çox yüksəksəviyyəli ikitərəfli görüş də bunun əyani təzahürüdür. Əgər Yerevanda Vladimir Putin N.Paşinyanı bir ölkə rəhbəri kimi qəbul etmədiyini göstərmişdisə, Soçidə İlham Əliyevlə yaxın dost, ən yaxın strateji tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

 

Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında münasibətlərə toxunaraq vurğuladı ki, Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib: "Toqquşmaların, xaosun, vətəndaş müharibələrinin, münaqişələrin, dini ekstremizmin tüğyan etdiyi dənizdə Rusiya və Azərbaycanın sabit ictimai-siyasi vəziyyətdə olan və o cümlədən beynəlxalq terrorizmə, ekstremizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərən ölkələr olduğunu görmək üçün bizim regiona baxmaq kifayətdir. Həm Rusiya, həm də Azərbaycan Qafqaz ölkələridir. Təbii ki, bizi Qafqaz birləşdirir. Bizi Xəzər dənizi birləşdirir. Qeyd etməliyəm ki, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində ötən ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi haqqında konvensiyanın imzalanması böyük rol oynadı”.

 

Bu gün iki ölkə arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Ticari-iqtisadi münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunur. Prezident İlham Əliyev də vurğuladı ki, hər il əmtəə dövriyyəsi artır. Beş yol xəritəsi çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Ölkəmiz Rusiyaya 1,2 milyard dollar, Rusiya Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub.

 

İki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Soçidə dövlət başçıları arasında aparılan danışıqlar zamanı bu istiqamətdə işi davam etdirmək barədə razılıq əldə edilib: "Hərçənd Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik” deyə Prezident İlham Əliyev vurğulayıb.

 

İki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Prezident həcmlərin hələlik böyük olmadığını, lakin dinamikanın güclü təsir bağışladığını diqqətə çatdırıb: "Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb”.

 

 

 

 

Prinsipial siyasət, hücum diplomatiyasının uğurları

 

 

 

 

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısıtək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

 

Tarix sübut edib ki, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.

 

2003-cü ildən etibarən Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünya birliyinin etibarlı tərəfdaşına çevirib. Azərbaycanın dövlətçilik tarixinə adını qurucu Prezident kimi yazdıran cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyi dəyişməzdir. Dövlət başçısının bu mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun saxlanılması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər.

 

 

Rəşad BAXŞƏLİYEV,

 

"Azərbaycan”