İnkişafın yeni hədəfləri

İnkişafın yeni hədəfləri
İnkişafın yeni hədəfləri

Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişin davamlılığını təmin edəcək mühüm tapşırıqlar verdi və konkret vəzifələr müəyyənləşdirdi

 

 

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir. İslahatlar nəticəsində iqtisadiyyatın bütün sektorlarının sürətli və daha çox artması, tədiyyə balansında müsbət saldoların yaranması bunu bir daha təsdiqləyir. Bütün bunları 9 ayın sosial-iqtisadi göstəricilərinə nəzər yetirdikdə də aydın şəkildə görürük.

 

 

İqtisadi imkanlardan və potensialdan maksimum səmərə ilə istifadə edilməlidir

 

 

Göründüyü kimi, bu müddətdə də ölkədə iqtisadi artım təmin olunub və bu da bir daha təsdiq edir ki, Azərbaycan həm regionda aparıcı, nümunəvi islahatçı ölkə, həm də dayanıqlı inkişafa nail olan iqtisadi gücə çevrilib.

 

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə 9 ayın sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirən dövlət başçısı bu müddətdə ölkədə iqtisadi artımın təmin olunduğunu söylədi.

 

Həqiqətən də iqtisadi göstəricilər onu deməyə əsas verir ki, artım daha çox qeyri-neft sektoru istehsalı ilə formalaşıb və praktik olaraq qeyri-neft sektorundakı artım ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanmasına imkan yaradır.

 

Dövlət başçısı qeyri-neft sənayesindəki 15 faizlik artımın rekord göstərici hesab olunduğunu dedi. Ümumiyyətlə, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar sayəsində artıq mərhələli şəkildə iqtisadi artımın neft sektorundan qeyri-neft sektoruna transfer olunduğunu görməkdəyik.

 

Lakin Prezident hesab edir ki, bu artım daha yüksək ola bilər. Əgər ölkədəki yetərli imkanlardan, potensialdan maksimum səmərəli istifadə olunarsa: "Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

 

Yüksək göstəricilərdən biri kənd təsərrüfatının inkişafında da müşahidə olunub. Son illərdə inkişafı prioritet sahə kimi müəyyən edilən kənd təsərrüfatına böyük investisiyalar qoyulması, subsidiyaların, güzəştli şərtlərlə kreditlərin verilməsi də bu inkişafı daha da sürətləndirib.

 

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit verilib. Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Elə 9 ayda kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faizlik artıma nail olunması da bunun təsdiqidir.

 

Bu gün, həmçinin ölkənin 33 rayonunda 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində ciddi işlər görülür. Artıq ümumi dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 192 milyon manat dövlətin güzəştli kredit vəsaitləri ayrılıb. Əlavə olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib.

 

Əlbəttə ki, bütün bunları nəzərə alaraq deyə bilərik ki, növbəti illərdə kənd təsərrüfatında daha yüksək göstəricilərin şahidi olacağıq.

 

 

 

 

Nümunəvi islahatçı ölkə

 

 

 

 

Bu ilin 9 ayında ölkə iqtisadiyyatına yatırılan 10,1 milyard manatlıq sərmayənin 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yönəldilib. Bu da əlbəttə ki, həm Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin, xüsusən də xarici və yerli investorlara yaradılan əlverişli şəraitin uğurlarıdır desək, yanılmarıq.

 

Həm sosial-iqtisadi islahatlar, həm də xarici, yerli iş adamları üçün yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa başlama, həm də digər proseslərlə bağlı həyata keçirilən uğurlu layihələr beynəlxalq reytinq təşkilatlarının da diqqətindən yayınmır.

 

Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi sırasına daxil olması, rəqabətqabiliyyətli indeksində ölkəmizin öz mövqelərini yaxşılaşdıra bilməsi bunu bir daha təsdiqləyir. Bu da ondan xəbər verir ki, əslində, islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunub saxlanmasına imkan yaratmaqla yanaşı, həm də beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olur.

 

Əlbəttə ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya İqtisadi Forumunun mütəmadi olaraq diqqət yetirdiyi bir ölkəni digər xarici investorlar da ciddi şəkildə izləyirlər. Bu isə Azərbaycana yeni əməkdaşlıq imkanları üçün şərait yaradır.

 

Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirməklə yanaşı, Prezident İlham Əliyevin iqtisadi islahatlarına dünya ictimaiyyətinin böyük diqqətinin göstəricisidir. Müşavirədə bu məsələyə də toxunan cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanda iqtisadi sahədə islahatların uğurla davam etməsi aparıcı beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmır: "Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir”.

 

 

 

 

Prezidentdən ehtiyatların aşkar edilməsi ilə bağlı ciddi tapşırıq

 

 

 

 

Hər zaman olduğu kimi, dövlət başçısı iqtisadi müşavirədə də bəyan etdi ki, həyata keçirdiyi tam müstəqil siyasətə, sosial-iqtisadi islahatlara ən böyük dəyər xalq tərəfindən verilən qiymətdir. Çünki yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə bunun səbəbidir ki, ölkə əhalisinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, aparılan siyasəti birmənalı şəkildə dəstəkləyir. Bu dəstək isə dövlət başçısına güc verir, siyasi iradəni artırır və hökumət islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstərir:

 

"Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır... Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir”.

 

Prezident bu sahədəki uğurların da qaneedici olmadığını söyləyərək vurğuladı ki, gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün ölkəmizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir: "Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır”.

 

Dövlət başçısı bəyan etdi ki, xalqın rifah halının yaxşılaşdırılmasına və dövlətin qüdrətinin daha da güclənməsinə xidmət edən islahatlar bundan sonra da davam edəcək. Bununla yanaşı, daha böyük uğurlar, yəni hər bir sahədə irəli getmək üçün yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma tətbiq edilməlidir. Əlbəttə ki, bütün bunların tətbiqi ölkəmizə bütün sahələrdə böyük dividendlər qazandıracaq və Prezidentin dediyi kimi, bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasının ön planda olduğuna şahidlik edəcəyik.

 

Müşavirədə dövlət başçısı müxtəlif qurumlar qarşısında ciddi tələblər qoydu. Qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirən Prezident iqtisadi inkişafı şərtləndirən islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi hesabına yüksək iqtisadi artıma nail olunması, sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və təhlilində əhatəliyin və dəqiqliyin təmin olunması istiqamətlərində tapşırıqlar verdi.

 

Cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycanda istifadə olunmayan kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Hər bir sahə ən yüksək standartlara cavab verməlidir.

 

 

Rəşad BAXŞƏLİYEV,

 

"Azərbaycan”