Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır

Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Konfransın Bakıda ilk dəfə keçirdiyi illik konfransdan 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib.

AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində söyləyib.

"Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır", - deyə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri bildirib.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub.