Prezident İlham ƏLİYEV: Bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır

Prezident İlham ƏLİYEV: Bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır
Prezident İlham ƏLİYEV: Bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır

Ölkəmizdə prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin ­inkişafıdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” dövlətimizin başçısının bu sahəyə xüsusi önəm verməsinin bariz ifadəsidir. Bu sənəd qeyri-neft sənayesinin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Proqramda mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib. Metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.
Azərbaycan üçün ənənəvi olan sənaye sahələri genişləndirilib. Eyni zamanda, müasir texnologiyalara əsaslanan yeni müəssisələr işə salınıb. Gəmiqayırma zavodu, təkrar istehsalın təşkili məqsədilə Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olan, habelə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir.
Qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərilir. Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 11 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi davam etdirilir. Bu il daha 9 xalça emalatxanasının, 3 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi həyata keçiriləcək ki, bununla da emalatxanaların sayı 30-a, məntəqələrin sayı 8-ə çatdırılacaq.
Ölkəmizdə qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını sürətləndirmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub. 
Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortum və fitinq birləşmələri, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Hazırda sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti – “SOCAR Polymer” MMC ixraca başlayıb. 
Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib. 
Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini təmin edir. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.
Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlar hesabına sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm daşıyır. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib.
Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Adıçəkilən sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən sənaye məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.
Ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsi istifadəyə verilib. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 milyon manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı sahələrini əhatə edir.
Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb. Məhəllənin bu il sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sənaye məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcəkdir.
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. 
Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır. 


“Xalq qəzeti”