Yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur

Yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım olaraq bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, "Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda keçən il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların bu il yanvarın 1-nə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, 2019-cu il yanvarın 1-nə ölkəmizdə pensiyaçıların sayı 1,3 milyon təşkil edir və indeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq.

Qalan pensiyaçılara isə "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir və onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

"Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir.